
e-Milli Liqanın ikinci mövsümünə yekun vuruldu
05.06.2021
Mayın 5-də e-Milli Liqanın ikinci mövsümü yekunlaşıb. Yanvarın 27-də start götürən liqa EML Pro Liqası və EML Open turniri olmaqla, iki layihədən ibarət olub.
AFFA bayrağı altında təşkil olunmuş EML Pro Liqasında futbol üzrə Azərbaycan Premyer Liqası, Birinci Divizion, Region Liqası və digər liqalarda çıxış edən peşəkar futbol klublarının kiber komandaları, eləcə də ilk mövsümdə yüksək nəticə göstərən komandalar mübarizə aparıblar. Bundan əlavə, Peşəkar Futbol Liqası ilə əməkdaşlıq çərçivəsində Premyer Liqa klublarında çıxış edən futbolçular fərdi olaraq bir-birilərinə qarşı kiber futbolda qüvvələrini sınayıblar. 15 komandanın mübarizə apardığı EML Pro Liqasının qalibi “Neftçi” PFK olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq “Qardaşlar” FK və “Mil” FK komandaları bölüşüblər.
Qeyd edək ki, “Sport Marketing Group” şirkətinin öz qlobal kommersiya layihəsi olan EML Open turniri müstəqil şəkildə təşkil olunub. EML Open turnirində 10 Azərbaycan komandası ilə yanaşı, Yunanıstan, Bosniya və Herseqovina, İsrail, Niderland, Serbiya, Livan, Ukrayna, Avstriya və Rusiyadan olan 11 komanda da iştirak edib. Bu turnirdə “Power of Israel” komandası birinci pilləyə yüksələrkən, “Maştağa” FK və “Offside” komandaları ikinci və üçüncü yerləri bölüşüblər.
Turnir maraqlı statistikalarla da yadda qalıb. Belə ki, e-Milli Liqanın “instagram” səhifəsinin izləyiciləri arasında keçirilmiş səsvermənin nəticəsində Taleh Məhərrəmov ("Qardaşlar") Pro Liqada mövsümün ən yaxşı oyunçusu seçilib. Rüstəm İmanzadə ("Offside") isə izləyici səsverməsi ilə Open Liqada mövsümün ən yaxşı oyunçusu adını qazanıb.
Bundan əlavə, EML Open turnirində təmsil olunan “eBaller” komandasının oyunçusu Yos Sonneveld 44 xalla turnirin bombardiri olub. Pro Liqada isə Ramil Nəbiyev (“Keşlə” FK) və Kamran Mehrabov (“Mil” FK) 68 xalla bu adı bölüşüblər.
Qeyd edək ki, turnirin baş sponsoru Coca-Cola şirkəti, texniki tərəfdaşı “Kontakt Home” şirkətidir. e-Milli Liqanın yayım dəstəkçisi isə CBC Sport kanalıdır.