E milli liqa

e-Milli Liqanın ikinci mövsümü bugün start götürür

25.01.2021

Paylaşmaq:

e-Milli Liqanın ikinci mövsümü EML Pro Liqası və EML Open turniri olmaqla, iki layihədən ibarətdir.

AFFA bayrağı altında təşkil olunacaq EML Pro Liqasında futbol üzrə Azərbaycan Premyer Liqası, Birinci Divizion, Region Liqası və digər liqalarda çıxış edən peşəkar futbol klublarının kiber komandaları, eləcə də ilk mövsümdə yüksək nəticə göstərən komandalar mübarizə aparacaq. Bundan əlavə, Peşəkar Futbol Liqası ilə əməkdaşlıq çərçivəsində Premyer Liqa klublarında çıxış edən futbolçular fərdi olaraq bir-birilərinə qarşı kiber futbolda qüvvələrini sınayacaqlar. 15 komandanın yarışacağı EML Pro Liqasının açılış oyunu bugün baş tutacaq.

“Sport Marketing Group” şirkətinin öz qlobal kommersiya layihəsi olan EML Open turniri müstəqil olaraq təşkil olunur. Yanvarın 27-də başlaması planlaşdırılan turnir müəyyən olunmuş texniki şərtləri qarşılayan istənilən müraciətçi üçün açıq idi. EML Open turnirində 10 Azərbaycan komandası ilə yanaşı, Yunanıstan, Bosniya və Herseqovina, İsrail, Niderland, Serbiya, Livan, Ukrayna, Avstriya və Rusiyadan olan 11 komanda da iştirak edəcək. Bu isə yerli e-sport oyunçularının beynəlxalq təcrübə qazanmasına və EML brendinin qlobal səviyyədə tanınmasına şərait yaradacaq.

EML qaliblərinə turnirin sponsoru Coca-Cola və təşkilatçılar tərəfindən hədiyyələr, kubok, eləcə də pul mükafatı təqdim ediləcək. Oyunlar layihənin sosial media hesablarında, eləcə də media tərəfdaş CBC Sport-un efirində yayımlanacaq.

Yanvarın 22-də baş tutan püşkatma mərasimindən sonra komandaların qruplar üzrə səpələnməsi, liqanın formatı, mükafat fondu və digər məlumatları eml.az saytından əldə edə bilərsiniz.

 

 

Login
AZ EN